Рубрики
Мнение

Müflislik haqqında qanun

Dünyanın bütün sivil ölkələrindən fərqli olaraq Azərbaycan qanunlarına görə yalnız müəssisələrin müflis elan edilməsi haqqında qanun var, fiziki şəxslərin isə yoxdur. Eşitdiyimə görə Milli Məclis bu məsələyə uzun müddətdir baxır, amma hələ qərara gələ bilmir, çünki qorxurlar. Nədən?

Bəlkə də qorxurlar ki, əgər bu qanun qəbul olunarsa, çox adam məhkəmələrə müflislik üçün müraciət edəcək və qərar olarsa, banklar həmin borcları silmək məcburiyyətində qalacaqlar. Düşünürlər ki, banklar pul itirəcək. Çünki, heç birininin bank əməliyyatlarından xəbəri yoxdur, məsləhətçilərə isə müraciət etmirlər. Milli Məclis xalq haqqında fikirləşməlidir, çünki onlar tərəfindən seçilir. Arada onlar üçün də xeyirli qanunlar qəbul etməlidir ki, xalq onları arada-sırada alqışlasın.

Bu qanun bankların xeyirinədir. Niyə?

2 devalvasiyadan sonra yaranan böhran səbəbi ilə çox sahibkar və fiziki şəxslər müflis olduqları üçün kreditləri qaytara bilmirlər. Bu da banklara problem yaradır, problemli kreditlər portfeli çox yüksəkdir ki, bu da neqativ haldır. Banklar həmin problemli kreditlərin məbləğində Mərkəzi Bankda rezerv saxlamaq məcburiyyətindədir, bu da həmin məbləğlərdən gəlir əldə edilməsinin qarşısını alır.

Qanunun qəbulu bank sektorunun sağlamlaşmasına səbəb ola bilər. Onsuz da geri ala bilməyəcəyi borcları məhkəmə qərarından sonra zərərə siləcək. Bu da o deməkdir ki, vergiyə cəlb olunan gəlir azalacaq, rəsmi mənfəəti az olacaq. Amma bu mənfəət real olacaq, çünki problemli kredit onsuz da qayıtmır. Bu həm də bankda qalacaq real maliyyə vəsaiti deməkdir.

Bizdə qiymətli kağızlar bazarı olmadığına görə bu fakt demək olar ki, bankın reytinqinə, kapitalizasiyasına və səhm qiymətlərinə təsir etmir (onsuz da bazarda açıq alınıb-satılmır, sahibləri də dəyişmir). Hətta, problemli borclar azalanda, bankın dəyəri yüksələcək. Mərkəzi Bankdakı rezervlər qaytarılaraq yenidən kreditləşməyə yönəldilə bilər. Eyni zamanda müflis olmuş şəxslərin də canı qurtararaq, 0-dan işə başlayacaq. Bu qanunla elə etmək olar ki, həmin şəxslər daha kredit ala bilməsin, yaxud müəyyən müddət ərzində (məsələn 5-10 il) kreditin verilməsinə qadağa olsun. Əlbəttə, bu proses üçün məhkəməyə müraciət edilərək, eksperltərin iştirakı ilə qərar çıxarılmalıdır ki, sui-istifafə halları olmasın.

Bir sözlə, bu qanun hamıya xeyir gətirə bilər, yetər ki, deputatlara bunu başa salan olsun.